Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Barmaqlarını dilə gətirən nakam sənətkar

0

  • Deyirlər ki, insan doğulduğu yerin təbiətinə bənzəyir...Çayları nəğməli, bulaqları zümzüməli idi Rüstəmin doğulduğu yurd. Meşələri xəfif küləklərin toxunuşu ilə insanın ruhuna rahatlıq gətirən xışıltı səsi verərdi. Bülbülləri şən-şən nəğmələr oxuyardı. Bir sözlə, dünyaya göz açdığı Xocalı rayonunun Kosalar kəndi ana laylası ilə bərabər, Rüstəm Quliyevin ilk musiqi məktəbi idi. O, yaraşıqlı, istedadlı insan kimi dünyaya gəlsə də, onun sənətkar ruhunu bəlkə də ana təbiət öz nəğməsilə mayalandırmışdı.1969-cu il fevral ayının 4-də füsunkar təbiətli Xocalı rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kənd sakini Yelmar Quliyevin ocağında əkiz oğul övladları dünyaya göz açır. Əkizlərdən birinə Rüstəm, digərinə İlyas adı qoyulur. Onlar orta məktəbdə də, 1989-cu ildə daxil olduqları Azərbaycan Neft-Kimya İnstitutunun Elektromexanika fakültəsində də eyni partalarda oturdular. Sovet ordusu sıralarında hərbi xidmətlərini də birgə yerinə yetirərək gənclik illərini doğma yurdda xoşbəxt yaşamaq ümidilə Kosalara tələsdilər. Taleyin oyunundan xəbərsiz olan bu gənclər onları qarşıda çətin sınaqların gözlədiyini bilmirdilər. Ziyalı ailəsində böyüyən uşaqların musiqi alətlərinə maraqları vardı. Qayğısız günlərdə ailə ansamblı şən mahnılar ifa edirdi. Rüstəmin də musiqiyə, gitaraya həvəsi, istedadı elə o vaxtlardan biruzə vermişdi. Ancaq çox keçmədi ki, bu evdən gələn musiqi sədalarını erməni təcavüzkarlarının atdığı güllələrin, mərmilərin səsi batırdı. Belə məqamda Rüstəm də doğma yurdun keşiyində durmaq üçün silaha sarıldı. Fəqət, məkrli, arxalı düşmənin önündə köməksiz, silahsız qalan Kosalar camaatı kəndi tərk etmək məcburiyyətində qaldı. Bu ağrı Rüstəmin qəlbində sağalmaz yaraya çevrildi, yurd xiffəti bəlkə də sonralar onun canını bürüyən amansız xəstəliklə mübarizə aparmağına imkan vermədi. İllər ötəcək, Rüstəm Quliyevin barmaqları yurd həsrətilə yanğılı musiqilər ifa edəcək, tutduğu mizrab gitaranın simlərini inildədəcəkdi. Bəzən bədbəxt hadisələrdən sonra sevincli günlərin gələ biləcəyi kimi, Rüstəmin yurd yanğısından da ona əbədi şöhrət gətirəcək fitri istedadı günəştək parıldamışdı. Özünü gitaranın ağuşuna verən Rüstəm Quliyev öz sənətindən mənəvi rahatlıq, təskinlik tapırdı.Tez bir zamanda Rüstəm Quliyevin istedad işığı hər tərəfə yayıldı. Getdikcə şöhrəti artan Rüstəm Quliyevin qabiliyyətinə dövrün böyük sənətkarı olan Rəmiş də rəğbət bəsləyirdi. Onun 1999-cu ildə ifalarından ibarət audiokasetlərinin, 2003-cü ildə videokasetinin, 2004-2005-ci illərdə disklərinin buraxılması ilə dinləyici auditoriyası, həmçinin sənətinin vurğunları çoxalırdı. Rüstəmin televiziya efirlərində ifaları onun gələcək nailiyyətlərindən xəbər verirdi. Əfsus ki, şöhrət pilləkənlərini sürətlə qalxdığı bir yerdə Rüstəm Quliyevə amansız xəstəlik düçar oldu. Rüstəmin həyat günəşi qürub etdikcə gitaranın səsi də az duyulmağa başladı. Ümidlər azaldıqca o xariqalər yaradan, qəlbləri riqqətə gətirən, simləri danışdıran barmaqlar da gitaradan get-gedə üzüldü. Həkimlərin dərdinə əlac tapa bilmədiyi Rüstəm Quliyev ömrünün və sənətinin ən gözəl çağlarında aramızdan səssiz-səmirsiz ayrıldı. 2005-ci il iyulun 4-də əbədiyyətə qovuşan əvəzedilməz sənətkar Bakı şəhəri, Biləcəri qəbiristanlığında dəfn edildi.Rüstəmin vaxtsız vəfatı bütün sevənlərini dərin kədərə qərq etdi. Onun ölümünə ən çox üzülən doğmalardan biri də sanki canından can ayrılan əkiz qardaşı İlyas oldu. (İlyas Quliyev hal-hazırda Bakı şəhərində məskunlaşıb, “Azərişıq” ASC-nin nəzdində olan Xocahəsən yarımstansiyasında növbətçi mühəndis vəzifəsində çalışır.) İlyas Quliyev, Rüstəm dünyadan köçərkən 2 yaşında yadigar qalan oğlu Vüsaldan təsəlli alır, onun uğurları ilə ovunur. Vüsal, atası və İlyas əmisinin oxuduğu ali təhsil ocağında - indiki adı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alır.Rüstəm Quliyevin qızıl barmaqları ilə ehtizaza gətirdiyi simlərin səsi insanın vücudunu titrədir, unudulmaz zövq verir. Həzin melodiyaları mənəvi dünyamızı daha da zənginləşdirir. Bu gün də onun ifasında “Baş sarıtel”, “Atıb getdin”, “Yanıq Kərəmi”, “Dilbərim”, “Ey sənəm” və digər mahnıların melodiyaları sevilərək dinlənilir. Gitaristin pərəstişkarlarının təşəbbüsü ilə onun vəfatından 14 il sonra, 50 illik yubileyində Böyük Britaniyada ifaları yazılmış daha bir diski işıq üzü görüb. Bu o deməkdir ki, Rüstəm Quliyev nakam ömür yaşasa da, özünəməxsus tərzdə ifası ilə sənətini ölümsüzləşdirib. Çox şükürlər olsun ki, Rüstəm Quliyevin ifalarının sədası indi onun Şuşada doğulmuş bacısıoğlu, Vətən müharibəsi şəhidi Nurlan Həsənovun ruhu ilə birgə müqəddəs məkanda pərvaz edir. Şad ruhlar və Rüstəmin gözəl ifalarının melodiyaları küləklərlə birgə Kosalara qənşər olan Ya Əli dağına üz tutur. Rüstəm Quliyevin mahnılarının Qırxqızın qoynunda qartal yuvası olan doğma Kosalarda da əks-səda verəcəcəyi gün uzaqda deyil.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib49 dəfə
    barmaqlarını dilə gətirən nakam sənətkar

    Maraqlı gələ bilər
    286
    51
    174
    59
    48